bannerbannerbanner
Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Vahid Çəmənli
Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

© Vahid Çəmənli, 2020

ISBN 978-5-4498-4622-8

Создано в интеллектуальной издательской системе Ridero


Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm


Mİnnətdarlıq

Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.

Mən səninlə fəxr edirəm, əziz dostum!

Yolçusuz yolların yolçusu

Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.

Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.

Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.

Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.

Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.


və ya

Əhvalın necədi, ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.

Vahidin bayrağa sevgisi də özünəməxsusdur:

 
Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.
 

Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…

Əlindən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.


«Gəlir» şeirində yazır:

…Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir.


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.


İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.


Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.

Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri – 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.

İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.

Rəfail Tağızadə
Şair-publisist

El anası anaların anası Hürİzad xalam


Böyük ürəyi vardı desəm, dilini, gözlərini, əllərini, dizlərini incidərəm;

O dil ki, «can» deməkdən yorulmazdı. O dil ki, həmişə haqqa şəhadət verərdi. Yanında bir adam haqqında qeybət edə bilməzdin. Sözünü ağzında yarımçıq qoyar, səni dediklərinə peşiman edərdi.

O gözlər ki, hamıya sevgi ilə baxardı. Gülən gözləri vardı. İçində nə qədər dərdi olsa da, qapıdan girəni gülə-gülə qarşılayardı. Yeddi arxa dönənindən hal-əhval tutmayınca rahat olmazdı. Bir stəkan su da olsa, içirməyincə əl çəkməzdi.

O əllər ki, nəvazişlə tumarlayardı saçlarını, boy-buxununu, fərq qoymazdı qohumusan ya yeddi bu yana yadsan. Yaşının dolu çağında iki odun arasında qaldı. Bir bacısının balaları Çəmənlidə, bir bacısının balaları da Bərdədə, Böyük Qəcər kəndində anadan-atadan yetim qaldılar. Nə qədər əziyyətlər çəkdi, nə qədər əzablara dözdü… Gecə-gündüz kolxoz tarlalarında kətmən vurdu, bir sürü yetimi ayaq üstə qoymaq üçün əlləşdi.

O dizlər ki, heç vaxt, hətta son nəfəsinə qədər taqətdən düşmədi.

El anası idi. Özünün övladı olmadığına ğörə hamını öz övladı hesab edirdi.

Hərbi xidmətdən dönəndə taksini qapısına sürdürmədim. Dedim, yaşlı qadındı, hardadı onda pul-para hər yoldan ötənə verə. Buna görə məni o ki var danladı. Mən ölmüşəm, -dedi, mən sənin anan deyiləmmi? Ürəkli ol, bala!.. Allah, Allah, bu zərif vücud dağ idi, nə idi, söykədik kürəyimizi, yıxılmadıq, ayaqlar altında qalmadıq.

Qaçqınçılıq illərində Ağdamdan tökülüb gələn camaatımızı görəndə yandı-töküldü arvad, bir dəli nərə çəkdi. Davadan 19 yaşlı qardaşı Yaqubun ölüm xəbəri gələndə belə yanğılı ağlamamışdı.

Elin dərdi şam kimi əritdi yazığı. Amma ümidini itirmədi. Ümidini itirən deyildi. Bala, bu tərəqqinin tənəzzülüdü-deyirdi. Su gələn arxa bir də gələr. Beləcə yana-yana yaşadı, yaşaya-yaşaya yandı.

Kamal yas mərasiminin çadırını kiçik ölçüdə qurmaq istəyənlərə belə demişdi: – Ay əzizlərim, siz bilmirsiniz ey, kim ölüb?.. Hürizad ölüb ey, Hürizad!

Yasına Ağdamdan Bakıyacan, Beyləqandan Bərdəyəcən, Ağcabədidən Tərtərəcən millət tökülüb gəldi. Axır günlərində məni çağırıb demişdi ki, ay bala, cənazəmı o biri bacım balaları qaldırar, sən cənazəyə girmə. Cənazəmin önündə şeir deyə-deyə gedərsən. Özünüz aparın, başqalarına əziyyət verməyin. Iki kilometr yolu elə apardıq quş kimi. Nə canı qalmışdı yazığın… Qup-quru qurumuşdu.

Hə, onu demədim axı, «cənazəni özümüz aparaq» deyəndə camaat az qaldı bizi öldürə. Heç yaxına qoymadılar. Amma mən cənazəyə girmədim. Eldən gedən el anasının vəsiyyəini yerinə yetirdim. Qəbristanlığacan onun sevdiyi şeirləri dedim.


«Yoxdu bir kımsə ki, qəmdə edə halımı sual,

Məni-bidil ki, belə bisəri-səhman gəldim».


«Bisəri-səhman» gedirdi. El dərdi başda huş, gözdə yaş qoymamışdı qala. Sonra başdaşına bircə bənd şeir yaza bildik:


Bu da başdaşındakı yazı:


Bizim dərdimizə sən sinə gərdin,

Biz sənin dərdinə nə edə bildik?

Sən bizi böyütdün, boy-buxun verdin,

Biz… ancaq şəklini büyüdə bildik…


Az qala yadımdan çıxmışdı. 2003 – cü ilin fevral ayında Həcc ziyarətində olanda, Kəbədə, sübh namazından sonra adından iki rikət namaz qıldım. Bilmirəm, belə şey olar ya olmaz, amma içimdən gəlmişdi, elədim. Gecə yuxuma girdi. Gənc, gözəl bir görkəmdə gördüm onu. Nə üzündə qırışlar var idi, nə də gözlərində qayğı… Ürəkdən gülürdü. «Səni bacım balalarının hamısının ağsaqqalı elədim». Etiraz elədim. Zülfüqar var, Barat var, Kamal var, mən hara, ağsaqqallıq hara? «Vaxt gələr, bilərsən».


Bərdənin Dəymədağlı kəndinin məzarlığında əsli Çəmənlinin Sarısöyünlü obasından olan bir ana məzarı var. Bura kim ziyarətə gəlsə, ilkin Hürizad xalamın məzarının üstünə gəlir, «fatihə» oxuyub, ruhuna Allahdan rəhmət diləyəndən sonra, öz doğmalarını ziyarət edirlər. El anasına elimizin-obamızın camaatı belə hörmət qoyur.

İndİ

 
Naşıya, nadana qul oldu canım,
Kim bilir, mən nələr çəkirəm indi?
Həsrətin odunda kül oldu canım,
Dərəyə, təpəyə çökürəm indi.
 
 
Qəm məni əridib, muma döndərib,
Bir ovuc torpağa, quma döndərib.
İsti göz yaşımı tuma döndərib,
Şoran düzlərimə əkirəm indi.
 
 
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
 
10.01.2020

Gəlİr

Bir xalı sərmişəm bulaq başında,

 

Yanıma yol alır, neçə iz gəlir.

Sürməli gözəllər süzüb, keçirlər,

İgidlər bu yerdə dizə-diz gəlir.


Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.

06.12.2019

Ata yurduna

Hər səhər dönürəm sənli günlərə,

Mənə demədiyin nə sirrin qalıb?

Sənsiz yaşayıram əlli ilimi,

Hələ də üstümdə təsirin qalıb.


Adını özümə ad götürmüşəm,

Laləli düzündən od götürmüşəm.

Bağından, bağçandan dad götürmüşəm,

Canımda nəyindən kəsirin qalıb?


Hərdən yol alıram sən adlı yurda,

Nəslimin ruhları dolaşır orda…

Torpağa dönəcəm bilmirəm harda?

Sorarsan, hayanda yesirin qalıb?

07.02.2020

Ay badam ağacı

Yenə qar ələnib budaqlarına,

Ətrin də bürüyüb yalı, yamacı.

Bənzərsən yarımın yanaqlarına,

Ay badam ağacı, badam ağacı.


Hələ yuxudadır qarağac, qovaq,

Bəzənib gəlmisən bahardan qabaq,

Çılğın gəncliyimdən gətirdin soraq.

Ay badam ağacı, badam ağacı.


Köklədin Vahidi sözə, avaza,

İstədi şəninə bir nəğmə yaza…

Badam sovqatımı saxla payıza,

Ay badam ağacı, badam ağacı

21.02.2020

Ağdamım

 
Əhvalın necədi ay tənham, təkim?
Yolçusuz yollarım,
Dağılan səkim.
Sənin həsrətini nə qədər çəkim?
Yağının əlində əsir Ağdamım.
 
 
O solan, saralan üzün sevinmir,
Gözü yolda qalan gözün sevinmir…
Dağına qar yağır, düzün sevinmir,
Yoxluğun dilimi kəsir, Ağdamım.
 
 
Çətin bu yurd bizi bir daha ana,
Vahid, ürək gərək dərdə dayana.
Şahbulaq üzünü çevirib yana,
Məndən Çəmənlim də küsür, Ağdamım.
 
07.01.2020

Bayraq

 
Vətən göylərində yanan ümidum,
Hünər meydanında sirdaşım Bayraq.
Öz eşqim, öz canım…
Canımda odum,
Atam, anam Bayraq, qardaşım Bayraq.
 
 
Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.
 
 
Vahidəm, hər zaman dilimdə sənsən,
Yurdumda, yuvamda, elimdə sənsən.
Nə qədər mən sağam, əlimdə sənsən,
Öləndə, ol mənim başdaşım, Bayraq!
 
09.11.2019
1  2  3  4  5  6  7  8 
Рейтинг@Mail.ru