bannerbannerbanner
Gözlərimin işığında. şerlər

Vahid Çəmənli
Gözlərimin işığında. şerlər

© Vahid Çəmənli, 2019

ISBN 978-5-4496-2676-9

Создано в интеллектуальной издательской системе Ridero


Yoxuşdan qabaq

 
Həyatın qaydası, nizamıdır bu,
Dərəyə enərlər yoxuşdan qabaq.
Üzə sığal çəkər cavanlıq çağı,
Parlayar Günəş tək qırışdan qabaq.
 
 
Sözə diqqət verir gül də, çiçək də,
Arı da, sərçə də, qara böcək də…
Sevgi yuva qursa gözdə, ürəkdə
Dilə can – can gələr baxışdan qabaq.
 
 
İnsan şad olarmı tənha qalanda?
Kədərə bürünər ürək də, can da…
Kim bilir nə olar göylər dolanda,
Vahid, çox gurlama yağışdan qabaq.
                                           18.11.2018
 

İqdır. Balıq gölü 22 iyun 2014

Zaman İçİndə

 
Sovurdum yellərə neçə baharı,
Bahar axtarıram xəzan içində.
Günlərim dəli tək qovhaqovdadı,
Ayım da, ilim də duman içində.
 
 
Aldım sorağını özgə diyardan,
Axırda əlimi üzdüm o yardan…
Elə düz ilqardan, düz etibardan,
Rəbbim hifz eləsin zaman içində.
 
 
Söndürdü sinəmdə alovu, odu,
Ayaq izlərini yağışlar yudu…
Vahidin taleyi, qisməti budu,
Ağlayır bir dərdli kaman içində.
                                                        18.11.2018
 

allah, bu necə sevgİdİr?

 
Allah, bu necə sevgidir,
Lap dağı daşı yandırır.
Çaxır göydə şimşək kimi,
Şaxtalı qışı yandırır.
 
 
Sevdam təzə dəbə minib,
İçimə yüz istək sinib…
Ciyər çoxdan yanıb, sönüb,
İndi də başı yandırır.
 
 
Vahid, demə solmaz solar,
Ürəyinə atəş dolar…
Sevən ürək belə olar,
Ağılı, huşu yandırır.
                                              18.11.2018
 

Əli müəllimə həsr olunur

Alınmaz qala kimi əzəmətli, başı qarlı dağlar kimi əlçatmaz, etibarı və qayğısı tükənməz, əvəzsiz olan Ağsaqqalım, böyük qardaşım Əli müəllimə – 60 yaşı münasibətilə


 
Könülləri fəth edirsən səbirlə,
Səhvimizi əfv edirsən səbirlə,
Dərdi – qəmi məhv edirsən təmkinlə,
İradənlə hasil olur hər dilək.
Əli müəllim, altmış yaşın mübarək!
 
 
Alnı açıq gedirsən öz yolunla,
Şərəfinlə, şöhrətinlə, şanınla,
El – obamız fəxr eyləyir adınla,
Harda olsan, orda açır gül – çiçək.
Uğur olsun, bu xoş günün mübarək!
 
 
Ta əzəldən hamımıza gərəksən,
Sən əzizsən,
Sən doğmasan,
Ürəksən!
Həsən Mirzə ocağına dirəksən,
Ürəyinlə qoşa vurur min ürək.
Dağ vüqarlım, – altmış yaşın mübarək!
 

Həsən Mirzə


 
Adın Əli, Əli sənə yar olsun,
Dostlar gülsün, düşmənlərin xar olsun.
Səsin, sədan el – aləmə car olsun,
Nəzərdən qorusun qoy səni Fələk!
Hacılar hacısı yaşın mübarək!
 
Müşfiq Mirzəyev
Vahid Çəmənli

Nəbatİsayağı 1

 
Allah, Allah gül üstündə zərdi bu,
Ya zərin üstündə nur danəsidir?
Ağlımı başımdan alıb apardı,
Başım cəhənnəmin viranəsidir.
 
 
Sərxoş tək gəzirəm dağı, aranı,
Xəyalı coşdurur, qaynadır qanı…
Gəzirəm İranı, Rusu, Turanı,
Tapmıram, – bu məhşər nişanəsidir.
 

Nəbatinin doğulduğu və yaşadığı Üştübün kəndi


 
Bəlkə imdadıma yetə bir nəfər:
Nişanı belədi, – Gövhərdi, gövhər.
Dili, dişi incə, saçları ənbər,
Gözləri günəşin həmxanəsidir.
 
 
Qaməti bənzəyir cənnət gülünə,
Hindistan qəndini əzib dilinə…
Zülfün dəstələyib alsa əlinə,
Deyərsən, cənnətin pərvanəsidir.
 
 
Yerin behişt olsun, Nəbati baba,
Dözmədin hicrana, – sənə mərhaba!
Bəs Vahid neyləsin ey piri – Xuda,
Məcnun tək dəlisi, divanəsidir.
17.11.2018
 

Yaxşıdı

Sakit Məmmədovun yaratdığı

bədii klubun üzvlərinə…


 
Çırmalanıb girmisiniz zor işə,
Qollarınız qulac olsa yaxşıdı.
Mətin olun, əyilməyin gərdişə,
Göz tox olsa, qəlb ac olsa yaxşıdı.
 
 
Ürəyiniz bir ummandı, dənizdi,
Hər kəlməniz, hər cümləniz əzizdi,
Halal çörək müqəddəsdi, ləzizdi,
Ortalıqda qazanc olsa yaxşıdı.
 
 
Hacı Vahid versin xeyir – duanı,
Pozulmasın işinizin mizanı…
Dadlı olsun ömrünüzün hər anı,
Uğurlara inanc olsa yaxşıdı…
16.11.2018
 

Alaq basdı bostanımı

 
Alaq basdı bostanımı,
Qaldı qarpız, soğan yerdə.
Dolu vurdu bağ – bağatı,
Barımızı yığan yerdə.
 
 
Ürəyimiz qaxac oldu,
Hansı dərdə əlac oldu?
Yollarımız tıxac oldu,
Bir az yağış yağan yerdə.
 
 
Çaqqallar verdi səs – səsə
Şirin səsi batdı nəsə…
Qartallar düşdü qəfəsə,
Qıy vurur sağsağan yerdə.
 
 
Qış qapını gəlib kəsdi,
Yağış yağdı, külək əsdi…
Sobadan gəlmədi isti,
Tüstü bizi boğan yerdə.
 
 
Çox eləmə haray, Vahid,
Uçub gedir saray, Vahid…
Bir daş doğaydı ay Vahid,
Anan səni doğan yerdə
 

Mükafatın yekəsİ

 
Əgər şair qələm alsa əlinə,
Demək, gəlib sazın, sözün vədəsi.
Nəğmə qoşub bir gözəlin telinə,
Bülbül kimi ötəsidir, ötəsi…
 
 
Mənim bağım nə solar, nə talanar!
Sarmaşıqlar sarı – sarı sallanar,
Yar nazlanar, gül bağını dolanar,
Mən olaram doqqazında bitəsi.
 
 
Yer böyükdü, hər tərəfdə varam mən,
Atəşəm mən, alovam mən, nuram mən;
Gərək burda elə dəsgah quram mən,
Baxıb yana Amerika qitəsi…
 
 
Çağır Vahid, dostlarını danışdır,
Şux misralar taleyinə naxışdır…
Söz bitdimi, qopub gələn alqışdır
Mükafatın ən azmanı, yekəsi…
 

Nüvədİyə Üştübündən baxan dost…

 
Nüvədiyə Üştübündən baxan dost,
Gözlərinin didəsinə qurbanam.
Düşmənlərə əsir olan bu kəndin
Xəzan düşən vədəsinə qurbanam.
 
 
O yamaclar ürəyimi oxlayır,
Güllərini yağı düşmən qoxlayır…
Mənim ayaq izlərimi saxlayır,
Dərəsinə, təpəsinə qurbanam.
 

Nüvədi kəndi


 
Qulağıma dərdli gəlir avazı,
Qismətimdən necə olum irazı,
Mənsiz axıb yorğun düşən Arazın,
Dalğasına, ləpəsinə qurbanam.
 
 
Bir addımdı bu tayımdan o taya,
Namərd düşmən hasar çəkib araya…
Qanad açıb qonaydım bir qayaya,
Kəkliklərin nəğməsinə qurbanam.
 
 
Vətən, Vətən həsrətindən dağlıyam,
Vahidinəm, əli – qolu bağlıyam,
Bəlkə sənə ürəyimi yolluyam?
Həzin, həlim nəfəsinə qurbanam!
 
10.11.2018

Bİşmİşİk

Şair Adil Cəfakeşə həsr edirəm


 
Cəfakeşik, səfakeşik əzəldən,
Bir ananın qucağında bişmişik.
Dədəm Qorqud yurdumuza ad qoyub,
Dədə Qorqud ocağında bişmişik.
 
 
Söz bağında gül əkmişik təzə – tər,
Yoxlayırıq, qoxlayırıq hər səhər…
Gül üstünə səpələnən zərdi, zər,
Butasında, saçağında bişmişik.
 


 
Saz çalınır, nəğmə deyir dodaqlar,
Gah allanır, gah nurlanır yanaqlar…
Haqdan yanır bizim eldə çıraqlar,
Sarı Aşıq işığında bişmişik.
 
 
Sən də Vahid bu işıqla alış, yan!
Bəxtəvərdi özünə dost qazanan…
Laçınımdan Ağdamacan uzanan
Al – əlvan göy qurşağında bişmişik…
 
12.11.2018

Bİr fəqİr şaİrəm…

 
Bir fəqir şairəm, hərdən yazıram,
Dünyanın dolaşıq kələflərindən.
Hər gün imtahana çəkir İlahim,
Məni çəkindirir çox nəflərindən…
 
 
Qartal tək səmada süzməyim gəlir,
Dərin dəryalarda üzməyim gəlir…
Hərdən özümdən də bezməyim gəlir,
Sıxılıb ömrümün çox səhvlərindən.
 
 
Köhnə günahlarım düşəndə yada,
İndidən alışıb yanıram oda…
Ay Vahid, payızım gətirir səda,
Qərib durnaların köç səflərindən…
 
12.10.2018

Sevda ram elədİ çox asan mənİ

 
Neçə ustadlardan dərsimi aldım,
Dərsini bitirən adam san məni…
Əlifdən başladım, leylidə qaldım,
Sevda ram elədi çox asan məni.
 
 
Qatladım kitabı qoydum bir yana,
Dedim, nəzər salım qoca cahana,
Baxmaqla nə səmər gələr insana?
Qınadı, danladı çox insan məni.
 
 
Dedim zikirdədir elmin açarı,
Oldum bir qəribə eşqin düçarı;
Gözlülər görməsin mən tək naçarı,
Nə dinən görmədi, nə susan məni.
 
 
Təbim bəxş elədi mənə çox kəlam,
Tikildi əlimlə neçə söz qalam.
İnana bilməzdim düzlərdə qalam,
Olmazdı dərd yıxan, qəm basan məni.
 
 
Vüqarın da təbi gəlirdi coşa,
Nə fayda, oxları çırpıldı daşa.
Hayıf, min yol hayıf belə qardaşa,
Həm yardan eylədi, həm dostdan məni.
 
 
Ay Vahid, ürəkdə olmasa təpər,
Eləməz köksünü dərdlərə sipər…
Gülün dövrəsinə çəkməyin çəpər,
Gözləyr o güldən bir dastan məni.
 
16.11.2018

Olur

 
Dedim, beşgünlükdü bu qoca dünya,
Üç günü dolaşıq, dumanlıq olur.
Qalır iki günü, – o da ya qismət,
Ya da müvəqqəti sultanlıq olur.
 
 
Oturdum cavanlıq taxtı – tacında,
Unutdum acısın, ehtiyacın da.
Keçdi, gözlərimi yumub – açınca,
Bilmədim, zamanı bir anlıq olur.
 
 
Nəyindən söz açım keçən illərin?
Gözəl sonalayan, seçən illərin…
Baxmadım dadına şirin dillərin,
Sandım, yaxşılığa yamanlıq olur.
 
 
Nə sözüm, söhbətim olmadı karım,
Nə sevdiyim gözəl olmadı yarım…
Qaldı ortalıqda quru vüqarım,
Onun da taleyi gümanlıq olur.
 
 
Ay Vahid, qəlbindən götür inadı,
Hicrandı sevginin o biri adı…
Getdi, damağımda qalmadı dadı,
Gül kimi gündüzüm qaranlıq olur…
12.11.2018
 

Dəlİ daş görəndə

 
Dəli daş görəndə qalarmı naçar?
Qızaran gözləri daşa tuşlanar.
Dəli daş götürsə, ağıllı qaçar,
Dəlinin daşları başa tuşlanar.
 
 
Zəhmətsiz nə zərçi, nə dərzi olar,
Aqilin ustaddan düz dərsi olar.
Hər bir avand işin bir tərsi olar,
Yayın da bir ucu qışa tuşlanar.
 
 
Özümü şux gördüm, canımı sulu,
Keçdim çox yolları gözüyumulu…
Axtardım, tapmadım düz olan yolu,
Karvan da sarbansız boşa tuşlanar.
 
 
Nədənsə, Vüqardan gəlmir səs – səda,
Allah, iraq olsun ondan qan, qada.
Şirin misraları düşəndə yada,
Yanaram, gözlərim yaşa tuşlanar.
 
 
Ay Vahid, az daşı dağı Arana,
Kimləri çıxarıb fikir bir yana?…
Aşıqin gözləri Haqqa, Qurana,
Zahidin gözləri aşa tuşlanar.
06.11.2018
 

Dünyanın…

 
Dedim, qəsd eləmə şirin canına,
Dərdini, sərini içib dünyanın.
Nəyi var, nəyi yox, duymaq çətindi,
Bu zalım dünyanın,
nəcib dünyanın.
 
 
Balı zəhər dadır, zəhəri baldı,
«Kalı dəymiş olur, dəymişi kaldı».
Kimə gözləri kor, dilləri laldı,
Kimə qılıncı var əcəb dünyanın…
 
 
Kimlərin üstündə əsdi nanə tək?
Kimlərə cirəylə verdi duz – çörək?
Kimlər sellərinə qərq oldu görək?
Kimlər körpüsündən keçib dünyanın?
 
 
Vüqardan nə xəbər soruram ondan,
Üzümə candərdi gülür yalandan…
Bəlkə əl götürüb buz qucağından,
Zərif gül bağına köçüb dünyanın.
 
 
Ay Vahid, dağ basır yüz əhli hala,
Sən saga çəkirsən, o çəkir sola…
Bir gün sən də durub düşərsən yola,
Boyuna boz qatma ölçüb dünyanın…
 
06.11.2018

Şərİət, Tərİqət, Mərİfət, Həqİqət

 
Gözümü açandan Allah adına,
Azan, oruc gördüm, ibadət gördüm
Bu yolun yolçusu olan hər kəsin,
Qəlbini, könlünü çox rahat gördüm.
 
 
Nə qədər əziyyət çəksələr, yenə,
Gördüm hər çətinə gərirlər sinə…
Elimdə, obamda İmam Hüseynə,
Dərin sevgi gördüm, məhəbbət gördüm.
 
 
Donmadı soyuqda, şaxtada, qarda,
Fidanlar gül açdı bir ilk baharda…
Haqqın aşiqidi dostum Vüqar da,
Onda hikmət gördüm, mərifət gördüm.
 
 
Neçə sevdalara düşsə də başım,
İçimdə üsyan var haqsıza qarşı…
Ürfan məclisində olmadım naşı.
Dostlardan etibar, kəramət gördüm.
 
 
Ay Vahid, Haqq ilə bir tut dilini,
Tanrım abad etsin cənnət elini…
Çəmənlidə bitən çəmən gülünü,
Ömrümə ən şirin mükafat gördüm.
 
07.11.2018

ÇİNGİZ KÜRDƏMİRLİYƏ

Çingiz Kürdəmirli

 

 
Oxudum bir qəliz qıfılbəndini,
Gözümün önünə gəldi kainat.
Xəyalım dolandı səyyarələri,
Axtardım, tapmadım, – oldum narahat.
 
 
Yeridim dayazda, üzdüm dərində,
Dolandım yam – yaşıl meşələrində,
Yedim neçə dürlü meyvələrin də,
Qalmadı ağızda, dildə isdahat.
 
 
Neçə alimlərin açdım kitabın,
Oxudum, saf – çürük etdim hesabın,
Xəbərin, sifətin, felin, xitabın,
Birində yox idi ona işarat.
 
 
Yeddi dəniz keçdim, yeddi dağ aşdım,
Keşişin, mollanın dalınca qaçdım…
Ruhlardan hikmətin sirrin soruşdum,
Hamı bir ağızdan dedi, – «Beşə at»
 
 
Dərdimi söylədim farsa, firəngə,
Türk dedi, – Arkadaş, pozuldu dengə…
Rus güldü o qədər, lap gəldim təngə,
Dedi, – Klyanus, ya ne znayu, brat.
 
 
Hazarat, tutaq ki, elmim dayazdı,
Bəs yazan bildimi özü nə yazdı?
Məncə, o nədirsə, yekə bir pazdı,
Əlində gicələk qalıb camaat.
 
 
Ay Vahid, bəs edər, gəzdin bu qədər,
Qoy səni üzməsin qəm, qüssə, kədər…
Çingiz qardaşımız, özü şərh edər,
Bizim də başımız qalar salamat!
 
07.11.2018

Zaman

 
Bu soyuq zamanı mən də görmüşəm.
Görmüşəm bahar da, payız da, qış da.
Dəli sevdalara könül vermişəm,
Parlayıb, yanmışam on altı yaşda.
 
 
Bir igid çıxmadı gücünə qarşı,
Fırlatdı, çax-çaxla o nəhəng daşı.
Üyütdü nə qədər ağıllı başı,
Sovruldu küləyə kəsək də, daş da.
 
 
Təxti – Süleymandan qalmadı bir iz,
Sındırdı nə qədər qamət, boyun, diz.
Sonda Əzrayılla qoydu üzbəüz,
Qurudu gözlərdən tökülən yaş da.
 
 
Vahid ustadından dərsi düz aldı,
Oxudu hikməti, xəyala daldı.
Kim getdi, kim qaldı, çətin sualdı?
Ömür də tükənir, ağıl da, huşda!
11.11.2018
 

Bu Vahİddİ, Pərİzadın gədəsİ…

 
Çıxıb getdin…
Nisgilin də qoy getsin.
Əvvəl – axır gedəsidir, gedəsi.
Nə sən apar özünlə bir xatirə,
Nə mən olum yollarını güdəsi…
 
 
Nə yazdımsa, el oxudu birbəbir,
Söruşdular, demədiyin ad nədir?
Necə deyim, bu vədəsiz sevgidir,
Gözlərimin didəsidir, didəsi…
 
 
Aşıq oldum, dərd bağladı ürəyim,
Üçdu qalam, uçdu qürur dirəyim…
Bu yaşımda sevda nəyə gərəyim?
Varlığımın hədəsidir, hədəsi.
 
 
Çıxıb getdin…
Alov tutdu sinə, yar,
Bu alovum bir də çətin sönə, yar,
Məzarımı göstərərlər sənə, yar,
Bu Vahiddi, Pərizadın gədəsi…
07.11.2018
 

Bİlmİrəm, dünyanın harasındayam

 
Ağlımı başımdan almışan gözəl,
Bilmirəm dünyanın harasındayam.
Canlılar içində axtarma mənı,
Çoxdan cansızların sırasındayam.
 
 
Elə düşmüşəm ki özüm də şərə,
Görünmür gözümə daha yan-yörə…
Bölüb kipriklərin məni yüz yerə,
Bilmirəm, heç hansı parasındayam.
 
 
Vədəsiz bu sevda canımı sıxdı,
Aldığım nəfəs də nəfəs yox, ahdı…
Ay Vahid, aram ol, Vallah günahdı,
Çəhənnəm əhlinin arasındayam.
 
21.09.2018

Çəmənlİm

 
Tək adına, oduna göz dikmişəm, əzizim!
Canım bircə baxışa çəkilsə bəs eliyər…
Əsərəm əsim-əsim səni görəndə gözüm.
Sevgin ürəyə, başa çəkilsə bəs eliyər.
 
 
Şahmar dedi, qapında sürünnəm dizin-dizin,
Elə vuruldun ona, ta məni görməz gözün…
Amma mən də deyirəm, vallahi sözün düzün,
Nəqşım tək bircə daşa çəkilsə bəs eliyər.
 
 
Çəmənlim, çəməndəki tək bitən gülüm sənsən,
Qolum, qanadım sənsən, əbədi elim sənsən,
Dinim, imanım sənsən, şəkərli dilim sənsən,
Adın Vahidlə qoşa çəkilsə bəs eliyər.
 
21.09.2018
1  2  3  4  5  6  7  8 
Рейтинг@Mail.ru