bannerbannerbanner
Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr

Vahid Çəmənli
Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr

© Vahid Çəmənli, 2018

ISBN 978-5-4485-2753-1

Создано в интеллектуальной издательской системе Ridero


Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm

Mənİm anam…

Qədriyyə Çiçəyin «Mən anayam» publisistik əsərini birnəfəsə oxudum. İlk baxışdan sadə görünən bu əsərdə nələr vardı? Əqli cəhətdən sağlam olmayan övladını cəmiyyətə layiqli fərd, savadlı, bilikli insan kimi yetişdirmək üçün illərlə hər məşəqqətə qatlanan, həkimlərə müraciət etməklə kifayətlənməyib özü də oxuyan, araşdıran bir ananın ağrılı-acılı, eyni zamanda şərəfli həyatı təsvir olunmuşdu. Heyrətdən donub qalmışdım. Bu nə idi, İlahi? Borc idimi? Vicdan çağrışı idimi? Allahın hökmünə boyun əyərək öz yükünü axıra qədər çəkmək vəzifəsi idimi? Bilmirəm. Bəzən çəkdiyi əzablardan bezib asi olan insanlar da görmüşəm. Bəzən səbrini cilovlaya bilməyib partlayan, yanan insanlar da görmüşəm. Amma övladı yolunda çəkdiyi zəhmətlərdən bezən ana görməmişəm. Çox qədim bir əfsanə var:

Ana bətnində son saniyələrini yaşayıb bu dünyada uzun yolçuluğa hazırlaşan bir körpə Allahdan soruşur:

– Allahım, dünyaya göz açacağam, amma orada nə edəcəyimi bilmirəm.


– Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, -deyir Allah.

– Allahım, mən insanların dilini bilmirəm axı?!. Onlara dərdimi, istəyimi necə başa salacam?

– Sənin üçün yaratdığım mələk sənə onların dilini öyrədəcək, -buyurur Allah.

– Allahım, eşitmişəm ki, dünya pisliklərlə doludur. Onlarla necə mübarizə aparacam?

– Sənin üçün yaratdığım mələk öz həyatı bahasına səni qoruyacaq. Narahat olma!

– Allahım, sənin hüzuruna necə qayıdacam?

– Sənin üçün yaratdığım mələk hüzuruma necə qayıtmağı sənə öyrədəcək, -buyurur Allah.

Bu zaman mələklər gəlib uşağın dünyaya getmə vaxtının çatdığını söyləyirlər. Uşaq sonuncu anda qışqırır:

– Adı, Allahım adı. O mələyin adı nədir?

– Adı əhəmiyyətli deyil. Sən ona sadəcə «ANA» deyəcəksən! – buyurur Allah.

Bu ibrətamiz rəvayəti göz yaşları içində oxudum. İçimdən bir fəryad qopdu. Körpə niyə soruşmadı ki, Allahım, bəs mən nə edim? Məni yedizdirib-içizdirən, qədəm-qədəm böyüdən, qayğımı çəkib dünyanın hər bir çətinliyindən qoruyan, əvəzində isə heç nə istəməyən o mələklə necə rəftar edim? Soruşsa, bəlkə də layiqli bir cavab alardı. Lakin Allah insanın dalınca müqəddəs kitablarını ğöndərdi. Bu kitablarda isə hər şey yazılmışdı. «Mən cənnəti ananın ayaqları altında yaratdım.»

Hamı deyir ki, ana müqəddəsdir. Amma, nə gizlədim, biz övladlar bəzən onu incidir, öyüdlərinə qulaq asmır, nəticədə özlərinə zülm edənlərdən oluruq. Uzağa getmək lazım deyil. Mən anamı itirəndə on iki yaşım vardı. Bu on iki ilin xatirələri içimi ğöynədir. Anama verdiyim əziyyətlər yadıma düşəndə məni xəcalət təri basır. Özümə yer tapa bilmirəm. Ana! Mən səni hardan alım? Sənə necə deyim ki, peşimanam? Səsim işimdə boğulur. Harayım kimə, hara çatar? İnsanlara səslənirəm: -Analarınızı sevin. Onun qədrini bilin. Elə yaşayın ki, sonra başınıza döyməyəsiniz. Neçə il qəlbimdə yaşatdığım bir xatirəni sizinlə bölüşürəm. 8 mart 1975-ci il idi. Foye Qadınlar günü münasibətilə al-əlvan bəzənmişdi. Təntənəli bir gecə keçirilirdi. Sevimli müəlliməm Fatmaxanım müəllimə başda olmaqla, hamı burada idi. Gecənin aparıcılarından biri də mən idim. Mahnılar, təbriklər bir-birini əvəz edir, hamı deyir, gülür şənlənirdi. Dostlarım analara həsr edilən şerləri, mahnıları oxuyub gurultulu alğışlar altında səhnəni tərk edirdilər. Heç kimin mənim o ğecəyə hazırladığım sürprizdən xəbəri yox idi. Neçə gün idi ki, onu cibimdə gəzdirirdim. Gecədə dostluğumuzun bünövrəsi elə o gündən qoyulan unudulmaz xanəndə-mənim adaşım Vahid Abdullayev də iştirak edirdi. Budur, dostum analara həsr olunmuş gözəl bir mahnı ilə çıxışını yekunlaşdırıb alqış payını qazanır. Səhnəyə çıxıram. Əlimi cibimə salıb neçə gündən bəri cibimi yandıran dördqat bükülmüş yazını çıxarıram. Bütün baxışlar üzümə tikilib. Hamı intizarla növbəti nömrəni elan etməyimi gözləyir. Mənsə həzin bir səslə deyirəm:– İndi də icazə verin, özümün yazdıgım «Ana» şerini sizə oxuyum. Tamaşaçıların üzündə təəccüb dolu bir maraq var. Fatmaxanım müəllimədən başqa… O mənim azdan-çoxdan nəsə yazdığımı bilirdi. Amma bu dəqiqə burada oxunacaq şerdən onun da xəbəri yox idi. Bu şer mənim neçə il sinəmdə gəzdirdiyim anasızlıq dərdinə, anasız qalan dünyama bir üsyan idi. Yad şəhərdə, ana nəvazişinə həsrət qala-qala yaşadığım, cibimdəki beş qəpiyi çörəyə verib uzun bir yolu piyada getməyə məcbur olduğum anlarımda yazmışdım. Şeri oxuduqca qəhər məni boğur, səsim titrəyirdi. Gözlərimdə gilələnən yaş vərəqdəki yazıları görməyə imkan vermirdi. Buna gərək də yox idi. Şeri yazdığım andan əzbərləmişdim. Buna şer də demək olmazdı. Bu neçə illər anasız yaşayan bir gəncin fəryadı idi. Mən bu sətirləri, bu anda mən dərdə olan insanlar üçün oxuyurdum. Bəlkə də, onların qəlblərindən keçirdikləri, lakin deyə bilmədikləri sözləri deyirdim. (Şer ilk dəfə nə cür yazılıbsa, o cür də çap edilir)

 
Mən səni səslədim, mənə can dedin
,Can deyən dilinə qurbanam, ana.
Odlu ürəyini sən qurban dedin,
Odlu ürəyinə qurbanam, ana.
 
 
Deyirdin, nə zaman yaşa dolarsan,
Boyuna baxaram mənsə doymadan.
 Gəlib baxacaqsan söylə bəs haçan?
Baxan gözlərinə qurbanam, ana.
 
 
Qədrin bilmədiyim o əllərindən,
 İstərəm, yüz dəfə öpüm indi mən.
Başımı sığalla, oxşa yenidən,
Zərif əllərinə qurbanam, ana.
 
 
 «Ağıllı ol» – dedin hər zaman mənə,
 Hər şeyi duymağı öyrətdin mənə,
Məni qərq elədin məhəbbətinə,
 Saf məhəbbətinə qurbanam, ana.
 
 
 Ey gözümün nuru, bir mənə bax sən,
Oğlun heç çıxmayıb öyüdlərindən,
 Onu amal edib yaşamışam mən.
 Gözəl sözlərinə qurbanam, ana.
 
 
 Sən qurban olardın mənə həmişə,
 İndi yox! Qocalam, saça dən düşə,
 Əllərim əlinə bir də yetişə,
 Mən sənin qurbanın olaram, ana!
 

Şeri bitirib, bayaqdan imkan tapıb baxa bilmədiyim zala baxdım. Müəllimələrim, qızlar, oğlanlar – hamının gözündə yaş gilələnmişdi. Hönkür-hönkür ağlayanlar da vardı. Mən də artıq gözlərimdən sel kimi axan göz yaşlarını saxlayacaq halda deyildim. Yavaşca səhnəni tərk etdim. Arxamca eşitdiyim gürültulu alqışların arasından Qalib müəllimin həyəcanlı səsini eşitdim:-Oğlum, sən nə etdin, biz camaatı bura yəğmışdıq ki, bayram münasibətilə təbrik edək, xoş sözlərlə ürəklərini açaq. Sən aləmi göz yaşlarına qərq elədin ki… Bu gecədən sonra adımın əvvəlinə bir şair sözü də əlavə edildi. Gecə-gündüz bu şeri köçürüb dostlarıma paylayırdım. Kimə rast gəlirdimsə məndən şeri ona yazıb verməyimi xahiş edirdi. Şerin bədii səviyyəsi barədə bir söz demək fikrim yoxdur. Amma bu sadə sözlər insanların ürəyinə ona görə yol tapa bilmişdi ki, onlar ürəkdən gələn səmimi bir etiraf idi. Neçə illər sonra mən anama daha bir şer həsr elədim:

 
 Bir an gecikəndə bənövşə kimi,
 Doqqazın ağzında bitirdin, ana.
 Bir ′′ana′′ deyəndə, əvəzində sən,
Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.
 
 
 Beşiyim başında qaldın yuxusuz,
 Qoymadın böyüyəm hissiz, duyğusuz,
 Böyüdə-böyüdə məni qayğısız,
 Özün gəncliyini itirdin, ana.
 
 
 Nə toyda şad oldun, nə də düyündə,
 Unutdun ətrini gül-çiçəyin də,
Bu qədər qayğını zərif çiyində,
 Bilmədim, nə təhər götürdün, ana?
 
 
Vahidəm, sinəmdə dağ neçə-neçə,
 Qarışdı gözümdə gündüzlə gecə,
Mən səni dünyadan aparım necə?
Sən məni dünyaya gətirdin, ana.
 
P.S. Bu şeri unudulmaz müəllimim Şahmar Əkbərzadəyə oxuyanda, o sonuncu iki misranın altından xətt çəkdi. Sonra mənə dedi ki, neçə ildir Məmməd İşmayılla (əgər səhv etmirəmsə) Bəxtiyar Vahabzadənin arasında bu fikrin ilk dəfə kimim ağlına gəlməsi barədə mübahisə gedir. Nə yaxşı ki, mənim bundan xəbərim yox idi. Şahmar müəllimə elə-belə də dedim. Qədriyyə Çiçəyə dərin minnətdarlıq hissi ilə
22 aprel 2012 ci il.

Atalarınızı sevİn

(Atam aşıq Valehin əziz xatirəsinə)

Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.

Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.

Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.

Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.

Yenə qəlbimdə fərəh,

 
 
Sən yadıma düşürsən.
Saçımı oxşayır meh,
Sən yadıma düşürsən.
Çəmən, meşə göyərir,
Sən yadıma düşürsən.
Qış gedir, bahar gəlir,
Sən yadıma düşürsən.
 
 
Sarmaşıq gül sarılıb
Səhərlərin boynuna.
Yoxsa ulduzlar qopub,
Səpələnib eyvana,
Vaxt keçir, görünmürsən,
Qalıb qulağım səsdə.
Soyuyub buza dönür
Çayın masanın üstə,
Sən yadıma düşürsən.
 
 
Gecələrin nəğməsi
Mənə necə tanışdır.
Xan çinarın bu gecə
Təzə nağıl danışır.
Qızılgül qönçələnib
Budağında alışır.
Qonşuda toy çalınır,
İki aşıq yarışır,
Sən yadıma düşürsən.
 
 
Başımı sığallayıb
Qonşu bir noğul verdi,
Qonşu hardan biləydi,
Nədi körpənin dərdi?
Qonşu qonşu olsaydı,
Göz yaşımı silərdi.
Qonşu bir noğul verdi,
Atam bir cib verərdi —
Sən yadıma düşürsən.
 
 
Ay işığı tükənib,
Sanki süzgəcdən axır.
Sanki ay da utanır,
Mənə kənardan baxır.
Oynamağa səbrim yox,
Bu gün gözlərim gülmür.
Gəlib könül almaqda
Ay da bir məna görmür,
Sən yadıma düşürsən.
 
 
 Kim düzsün ümidləri
Yoluma düzüm-düzüm,
Sənsizliyə dözməyə
Qalmayıb məndə dözüm.
Bacıma nişan gəlir,
Ata oluram özüm,
Mən səni hardan tapım?
Mən səni harda gəzim?
Sən yadıma düşürsən,
 Sən yadıma düşürsən…
 

Əlvİda, dostum Yusİf Məmmədov

Yusif Məmmədov


Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?


Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…

Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…


Sevimli nəvələrin ilə


Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.

Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.


İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!


Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.

Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.

P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram
Bakı
25 may 2017-ci il

Dəlİ Çəmənlİ haqqında ballada

 
Qarabağın qucağında,
 Allı – güllü, Ən laləli,
 Ən sünbüllü, Ən bülbüllü bucağında.
Bir kənd vardır,
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə – neçə igidlərin yadigarı…
 O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
 Qəza – qədər öz ortağım.
 Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
 Sakit – sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
 Sənsə belə şax qalmısan,
 Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
 Dəlidağ tək,
 Dəli Kür tək ad almısan.
 Sarsıdarmı səni fələk.
 Dəli kimi tarixlərdə qalar aldın
Dəli Həsən,
Dəli Domrul,
 Dəli Becan,
Tarixlərin neçə – neçə Dəlisi tək,
Bu gün məni bağışlasın
At oynadan babalarım,
Niyə mən də olmamışam
Bəs onların birisi tək…
Deyirlər ki, bir zamanlar
Bir qəddar şah
diş qıcıyıb bu torpağa.
Ürəyindən Qarabağda
Talan qurmaq gəlib keçib.
Qoşun yığıb,
 Hücum çəkib.
 Od vuraraq
 neçə – neçə tarlasına
Gəlib çıxıb
Qədib Şuşa qalasına
Cuşə gəlib hayqırıbdır:
«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,
 
 
Dərələri oylaq edəm.
 Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.
 
 
 Mən gəlmişəm
Sizdən baci – xərac alam.
 
 
Qılıncımın qəbzəsinə
Rəvac alam.
 
 
Güc məndədir,
Qüvvət məndə.
Elm, helm, qüdrət məndə.
 Atdan düşün,
Qılıncımın altdan keçin,
 Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.
 
 
Hamı salır vurhavura.
 Anlamırlar,
Bura elə bir diyardır,
Quş uçarsa qanad salar,
Qatır gəlsə dırnaq salar.
 Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,
 
 
Bizlərə xor baxan gözün
Didəsinə od salarıq. Biz özümüz
Torpağından bac alarıq!
Qala xanı məşvərətə adam yığdı:
 
 
– Balam bu şah at oynadır
Deyir baba,
 
 
Burda mənəm
 Bağdadda da kor xəlifə.
İstəyirəm
Sahib çıxam hər tərəfə.
Anlatmışam neçə dəfə
– Bu fikirdən daşın bala!
Yığsam əgər
mən dövrəmə qoşun, bala
Başsız qalar
Bu qalada başın, bala.
 
 
 Nə yazıq ki, bunu qanmır.
«Dava» deyir heç utanmır.
 Bu gün gərək xəbər gedə
Hər obaya,
 
 
Hər yaylağa,
hər çadıra
Dəliləri yığaq bura.
 
 
Əfətlidən Əkbər gəlsin.
Mahrızlıdan Qəmbər gəlsin.
Üçoğlana salın nəzər,
Dəli Həsən harda gəzər?
Hər kənddən bir Dəli gəlsin.
 
 
 Kəngərlidən Vəli gəlsin.
 Ovşarlardan görün kim var?
Lənbərandan Dəli Qafar.
 
 
Göytəpədən Dəli Cabbar.
Qiyaslıdan vuran – tutan Dəli Aslan.
Unutma bax,
Qərvənd,
Xaçın,
Xındırıstan.
 Dəli Əhməd,
Dəli Məmməd,
 Dəli Qurban!
Quzanlıdan Dəli İmran.
 
 
 Mərzilidən Dəli Yaqub,
 Dəli Soltan Gülablıdan.
Xıdırlıda ayaq saxla
Dəli Rzanı bura yolla…
Tez yəhərlə köhlən atı,
 
 
 Hə, igidim duma, atlan,
 Tez bura yığ camaatı.
– Ay xan, ay xan…
Heç demədin Çəmənlidən?
Çəmənlidən kimi bura
Çağırım mən.
 
 
– Çəmənlidən?..
Çəmənlidən hansı Dəli
qənşərinə çıxsa əgər
Bura göndər!
…O zamandan keçib illər.
 
 
 İndi xan da
qəddar şah da tarix olub.
 
 
 Bu zamanın gərdişindən,
 Sənin «Dəli» adın qalıb.
İndi hamı elə bilir,
Dəli olmaq asan işdir.
 Dəlixana sarıdan da
Koroğlumuz yoxdu, «şükür»!
İndi çoxu
əsgərliyin orda çəkir.
 
 
 Sonra ona daşdan keçən
Kağız verir dəlixana.
 
 
«Devit be”dir
Silah vermək olmaz ona.
 
 
Atasının pul kisəsi,
 Cağbacağlı Mersedesi dura – dura,
 Dəli hara, əsgər hara?
Ağrımasın təki başı,
 
 
 Kim istəyir töhmət etsin.
O dəlidi – ağıllıdı,
Qoy dəlilər xidmət etsin.
Ay papanın gül dəlisi,
 Ay mamanın gül dəlisi,
Get özünə başqa ad qoy
Dəliliyə dəymə, bala.
 
 
Dəli sənə tutar bir toy,
Çox özünü öymə, bala.
 O dəlilik kağızını cırıb tulla.
Kəmər bağla,
Qılınc qurşa.
Xəbər göndər haykazlara.
 Dəli, dəli görməyincə
Dəyənəyin qısmaz dala.
 
 
 Hünər göstər.
Ad – san qazan
Onda deyim sən Dəlisən.
 
 
Kağız – kuğuz Dəliliyə
Əsas vermir «dəli» bala…
 
Bakı, Çəmənli mart 2011

Nurular obasına gedən yol

Hə şey yaxşıya doğru

Şah ilə onun Vəziri haqqında saysız – hesabsız rəvayətlər var. Bir rəvayət də mən danışmaq istəyirəm. Bəri başdan deyim ki, bu rəvayətimin nə bu günkü şahlarla, nə də bu günkü vəzirlərlə heç bir əlaqəsi yoxdur. Bütün hadisələr mənim təxəyyülümün (bəlkə də heç mənim yox) məhsuludur, əgər həyatda hansı şahın, və yaxud («və» bağlayıcısını icad edən türk deyil. Amma nə təhər qanımıza yeriyibsə, onsuz bir kəlmə yazmaq olmur. Amma mənim bu yazımda bir daha «və» sözünə rast gəlməyəcəksiniz) başına gələn bir əhvalatla üst – üstə düşərsə, bu yalnız təsadüfdür. Mənim sizə təqdim etmək istədiyim əhvalat ibrətamiz bir əhvalatdır, bu əhvalatın içində olan nəticə də ondan ibarətdir ki…

 

Deyəsən mən məntiqsizliyə yol verirəm axı? Kim əhvalatı danışmamış nəticəni təqdim edər? Nəticəni oxuyandan sonra kim bu boyda yazını oxuyar? Doğrudu, nəticəsini dərhal oxumaq istəyənlər də olur. Sənin əziyyətlə yazdığın yazını atır bir yana, axırdan bir cümləni oxuyur, nəticəsini çıxarıb, çıxır gedir işinin – gücünün dalınca…

Bir də var oxuma prosesinin özü… Bu zaman insan hadisələrin içində olur, özü fikirləşir, özü də nəticə çıxarır, nə yazıçıya, nə də yazıçının qələmə aldığı hadisədən çıxardığı nəticəyə ehtiyacı olmur.

Mən deyəsən sizi çox intizarda saxladım axı? Oxucuların əsəbi ilə də oynamaq olmaz. Deməli, birbaşa mətləbə keçirəm…

Bir şahla bir vəzir vardı. Bunların çoxlu əyanları, nokərləri, rəiyyətləri də vardı. Əyansız, nökərsiz, rəiyyətsiz şah olmaz ki…Amma beş – altı əyandan savayı qalanlarını qoyaq bir kənara, onların bizim əhvalatımızla heç bir əlaqəsi yoxdur. Şahla vəzir çox mehriban idilər. Bir yerdə yeyib, bir yerdə içərdilər. Vəzir fərmanları icad edərdi, şah da vəziri çox sevdiyi üçün, o fərmanları gözüyumulu imzalayardı. Camaat da (axırıncı dəfə camaatın adını çəkirəm, bundan sonra onlarla da işim olmayacaq) bu fərmanlarla, qanunlarla şad – xürrəm yaşayırdı.

Bizim şah ovu çox sevirdi. Ayda bir dəfə yığardı əyanlarını başına, üz tutardılar dağlara, düzlərə, meşələrə, ov ovlardılar, quş quşlardılar, sonra da bir bulaq başında kef məclisi qurardılar. Bir neçə gün burada yeyib – içəndən sonra yenə qayıdardılar iş başına, məmləkəti idarə eləməyə. Bir gün…

Bütün əhvalatlarda həmişə bir gün nəsə qeyri – adi hadisə baş verir. Bizim əhvalatda da qeyri – adi hadizə baş verdi. Vəzirin əlindən xata çıxdı. Ov zamanı əlində beqəfil açılan güllə şahın baş barmağını qoparıb atdı. Şah qəzəbləndi, nə qəzəbləndı:

– Sən nə cəsarətlə mənə güllə atdın? Mən indi əmr edərəm sənin dərini boğazından çıxararlar.

Vəzir and – aman elədi ki, şah sağ olsun, vallahi, billahi bir xatadı, əlimdən çıxdı, Allahın işidi, güllə sənə dəydi. Mən nəkarəyəm ki, sənə güllə atam?

Vəzir nə qədər yalvardısa, olmadı. Elə meşənin ortasındaca dar ağacı qurdurdu. Kəndiri ilgək edib vəzirin boğazına salmaq istəyəndə vəzir yenə yalvardı:

– Ay şah, başına dönüm, otuz ildi sənə vəzirlik edirəm, həmişə də sədaqətli olmuşam. Mənim sənə güllə atmaq fikrim yox idi. Allahın işidir, yəqin bu işin içində bir xeyir var. Həyatda boş – boşuna heç nə olmur. Sən məni öldürmə, vaxt gələr, bu işin içindəki hikmət sənə əyan olar.



Şah dərin fikrə getdi. Bir zamanlar baş barmağı olan boşluğa baxdı, sonra dönüb vəzirə baxdı, öz – özünə fikirləşdi ki, bu nə danışır, nə hikmət ola bilər burda? Durduğum yerdə barmaqsız qalmışam, bəs güllə mənə dəyib öldürsəydi necə? Elə belə də soruşdu vəzirdən. Vəzir yenə yalvardı ki, onu öldürməsin, heç olmasa zindana salsın, gün gələr, ona əyan olar bu işin içində olan hikmət. Şah tərəddüd etdi. O, vəzirə çox inanırdı. Əlinin ağrısı səngiməsə də, əsəbləri bir xeyli sakit olmuşdu. Ona görə də əmr elədi ki, vəziri asmasınlar, onu zindana atsınlar. Vəziri zindana saldılar, şah da özünə təzə vəzir təyin edib, zindanda olan köhnə vəziri tamamilə unutdu. Düzdü, yerində olmayan baş barmağı hərdənbir köhnə vəziri onun yadına salırdı, amma bu, elə belə ani olurdu. Şahın o qədər işi vardı ki, ömrü boyu barmaq dərdi çəkməyəcəkdi ki…

Bu münvalla bir neçə il keçdi. Bir gün şah yenə ova çıxmaq eşqinə düşdü. Yenə saray əyanlarından bir dəstə düzəldib yola rəvan oldular. Amma bu dəfə ov baş tutmadı. Meşəni nə qədər dolaşdılarsa, əllərinə bir şey keçmədi. Ov axtara – axtara meşənin lap dərinliyinə qədər getdilər, lakin ov əvəzinə bu meşədə yaşayan vəhşi bir qəbiləyə rast gəldilər. Qəbilənin əsgərləri şahla əyanlarının hamısını əsir alıb, əl – qollarını bağladılar. Sən demə, bunlar adam yeyənlər imiş. Bir – bir əyanları başladılar bişirib yeməyə. Növbə gəlib şaha çatanda baxdılar ki, şahın baş barmağı yerində deyil. Əl saxlayıb, şahı qəbilə başçısının yanına apardılar. Qəbilə başçısı bir şaha, bir onun baş barmağının yerinə baxdı, əlilə işarə verdi. Şah baxdı ki, ay balam onun əl – qolunu açırlar. Soruşdu ki, xeyir ola, mənim əl – qolumu niyə açırsınız? Dedilər ki, biz bədənində qüsur olan insanları yemirik. Səni buraxırıq, çıx get işinin – gücünün dalınca…

Şah sevinə – sevinə çıxıb gəldi saraya. Dərhal vəziri zindandan azad eləyib hüzuruna gətidi. Şah köhnə vəzirin boynunu qucaqlayıb o üzündən, bu üzündən öpdü, yanında oturdub sözə başladı:

Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?


Qəribə əhvalatdır, deyilmi? Burada mənim əlavə edəcək bir sözüm qalmadı.

Hə, nəticə…

Mənim gəldiyim nəticə budur:

Başımıza gələn hər bir işin içində xeyir axtaranda, xeyir tapırıq. Bu mənim nəticəmdi. Əgər yazını oxumağa səbriniz çatdısa, özünüz də nəticə çıxara bilərsiniz.

1  2  3  4  5  6  7  8  9  10 
Рейтинг@Mail.ru