bannerbannerbanner
полная версияMənim həyat hekayələrim

Rza Əli oğlu Hüseynov Mirzadə
Mənim həyat hekayələrim

Birinci gün günortadan sonra mobil telefonuma bir xanım zəng vurdu və bazar günü qızımla şirniyyat aldığımız şirkətin icraçı direktoru olduğunu, mənimlə görüşmək istədiyini bildirdi.

Səhərisi gün bizim ofisdə həmin xanımla (gürcü yəhudisiydi) görüşdük və əməkdaşlığa qərar verdik.

Və həmin həftədən. o vaxtlar Moskvanın ən prestijli ticarət mərkəzinin, ən prestijli şirniyyat magazasında bizim yumuşaq marmeladlar satılmağa başlandı.

Bu şirkətlə işləmək üçün dəfələrlə onların ofisinə gedib görüşən menecerlərim çaşıb qalmışdılar.

Bu hadisədən təxminən iki həftə sonra, yenə bir bazar günü təməlini atdığım görüşun nəticəsində məhsullarımız, Ramstore Molodyojniy hipermarketində də satılmağa başladı.

Hər iki satışda da uşaqlarım İman və Pərinin mənə köməyi danılmaz idi.

Bilmirəm, bəlkə bəziləriniz işinizi ancaq işdə görməyi üstün tutursunuz, ancaq mənim iş prinsipim belədir.

İşim, həyatımın hər anında mənimlə olub, var və yəqin ki belə də olacaq.

Hekayə 14

Bildiyiniz kimi, 1997-1999-cu illərdə Türkiyənin İstanbul şəhərində, Akmaya Sanayi ve Ticaret A.Ş.-də "Sərmayə qoyuluşu üzrə koordinator" və keçmiş SSRİ ölkələrindən cavabdeh "Satış meneceri" vəzifələrini icra edirdim.

Bu ölkələrdəki maya zavodlarının satın alınması və ya hissədarlarından birinə çevrilməsi üçün müntəzəm olaraq həmin zavodlara gedir və zavodların sahibləri ilə görüşürdüm.

Atalarımız "söz vaxtına çəkər" deyiblər, 1998-ci ilin bu vaxtları idi. Rusiyanın Voronej şəhərindəki Voronej Maya Zavodunun rəhbərliyinin dəvəti ilə bu şəhərə getdim.

Məlumat üçün qeyd edim ki, həmin ilin avqust ayında Voronej Maya Zavodunun direktoru Natalya Vasilyevna İstanbulda bizim qonağımız olmuş və üç gün ərzində onunla zavodda istehsalat, satış, logistika prosesləri ilə tanış olmuş, müzakirələr aparmışdıq.

Əslində zavodun rəhbəri Natalya Vasilyevna özü Akmayanın Voronej Maya zavodunun 100%-ni almasına razı idi. Çünki, Voronej Maya zavodu da SSRİ-nin bütün o biri maya zavodları kimi acınacaqlı vəziyyətdə idi.

Zavodda istehsal avadanlıqları köhnəlmiş, istismar müddətini bitirmiş, satış və logistika sistemi bərbad vəziyyətə düşmüşdü. Zavoda təcili investisiya qoyulmasa zavod öz işçilərinin əksəriyyətini ixtisar edib fəaliyyətini dayandırmağa məcbur olacaqdı (bölgədəki bir çox zavodlar kimi).

Amma, zavodun 200-dən çox hissədarı var idi və onların çoxu zavodun satılmasını istəmirdi.

Çünki, Rusiyada həmin illər məmur və mafiya, zavodların çoxunu hiylə ilə ələ keçirib, qısa müddətdən sonra hissədarların hissələrini müxtəlif yollarla əllərindən almışdılar. Ona görə də hissədarlar elə bilirdilər ki biz də zavodu o niyyətlə alırıq.

Xülasə, soyuq bir sentyabr günü təyyarə ilə İstanbuldan birbaşa Voronejə uçdum. Açığı zavod rəhbərliyi hava limanında məni gözlədiyimdən də yaxşı qarşıladı. Hava limanından birbaşa zavoda getdik. Həmin axşam zavodla qısa tanış oldum.

Zavod investisiya üçün çox əlverişli yerdəydi. Həm əsas xammala (melas – şəkər çuğundurunun şəkəri alındıqdan sonra qalan hissəsi) yaxınlığı, həm enerji mənbəyi, dəmir yolu ilə təmin olunması, həm işçi qüvvəsinin bolluğu (zavod Voronej şəhərinin mərkəzində yerləşirdi) və həm də böyük bir bazarın (Mərkəzi Rusiya bazarı) tam ortasında yerləşməsi zavodu ideal bir investisiya obyektinə çevirmişdi.

Onu da qeyd edim ki, bu zavodla bizdən başqa dünyanın ən böyük maya şirkətləri fransanın Le Saffre və Türkiyənin Pakmaya şirkətləri də maraqlanırdı.

Yəni, zavodu almaq uğrunda üç böyük (rəqiblər bizdən həm təcrübəli, həm də daha böyük və varlı idilər) şirkət mübarizə aparırdı. Onu da qeyd edim ki, bu rəqabət SSRİ-nin bütün maya zavodları uğrunda aparılırdı (Bakı Maya zavodu da onlardan biriydi).

Xülasə, səhərisi gün zavoda gəldim. Zavodun bütün istehsal sexlərini, koməkçi sahələrini, enerji təchizatı obyektlərini gəzib analiz etdikdən sonra, sənədlərlə tanış oldum.

Zavod rəhbərliyi hissədarların bu sövdələşməyə etiraz etdiklərini bir daha diqqətimə çatdırdı. Mən də zavod rəhbərliyindən xahiş etdim ki, hissədarlarla görüş təşkil edilsin.

Onların fikrini öyrənmək, onlara öz məramımızı bildirmək və onları inandırmaq istəyirdim. Çətin olacağını bilirdim, amma bunu etməliydim.

Səhərisi gün saat 3-də zavodun iclas zalında səhv etmirəmsə 235 nəfər hissədarla görüşdəydim.

Bundan əvvəl Qazaxıstanda, Almatı Maya zavodunda (orda da 200-dən çox hissədar var idi) oxşar bir görüş keçirdiyim üçün az da olsa təcrübəm var idi. Görüşə dünən axşamdan hazırlaşmış, qeyd dəftərimdə çıxışımı başlıqlarla qeyd etmişdim.

Bütün bunlara baxmayaraq həyacanlı idim. Çünki, mənim 28 yaşım var idi. Qarşımdakı insanların çoxu isə təcrübəli və yaşca məndən böyük idilər. Üstəlik mən rus dilində çıxış etməli və onların suallarına bu dildə cavab verməli idim.

Əvvəlcə qısa çıxış edib şirkətimiz haqqında məlumat verdim və məramımızı bildirdim.

Sonra görüşün ən çətin hissəsi – sual-cavab hissəsi başladı.

Hissədarları ən çox maraqlandıran, zavodda işçilərin (hissədarların) ixtisar olunub olunmayacaqları idi. Başqa suallar da var idi.

Həmin görüş 4 saat çəkdi. Görüşdən sonra idarədə direktorun otağında çay süfrəsində, direktor gülümsəyərək mənə təşəkkür etdi və "mən inanmırdım ki, siz 28 yaşlı cavan oğlan 200-dən çox adamı inandıra biləcəksiniz. Mən bu muəssisəni sizə əminliklə təhvil verməyə hazıram" dedi.

Yəqin ki. cixışım və səmimi cavablarımla hissədarları inandıra bilmişdim.

Doğrudan da o görüş bir il sonra həmin zavodun Akmaya A.Ş. tərəfindən satın alınmasının başlanğıcı oldu.

Bu uğurlu layihədə mənim də payım olduğuna görə indi də qürur hissi keçirirəm.

2003-cu ilin axırlarında həmin zavoda dəvət olundum və qısa müddət ərzində satış sisteminin nizamlanması ilə məşqul oldum.

Zavodun yerli işçiləri məni yenə də hörmətlə qarşıladılar və mənə hələ də öz gələcək direktorları kimi münasibət bəslədilər.

İnsanlara həqiqəti deməkdən cəkinməyin. Bəlkə həmin an o həqiqət onlar üçün acı ola bilər, amma vaxt gələcək onlara həqiqəti dediyiniz üçün sizi sevəcək və sizə minnətdar olacaqlar.

Hekayə 15

1999-cu il idi. Moskvada Kervan Gıdanın ofisinə rəhbər təyin olunduğumun birinci ili idi. Hardasa bir ay olardı ki, işə başlamışdım. Şirkətin işlərin nizama qoymağa çalışırdım. Məndən əvvəl şirkətin müdiri Türkiyəli bir tələbə olmuşdu. Ya təcrübəsizlikdən, yadaki məsuliyyətsizlikdən qaynaqlanan səbəblərdən şirkəti acınacaqlı vəziyyətə salmışdı.

Şirkət daxilində özbaşınalıq hökm sürürdü. Müştərilərə münasibət olduqca pis idi.

İlk gəldiyim ay, əlaqə qurduğum köhnə müştərilərdən heç biri bizim şirkətlə işləmək istəmirdi. Səbəb bütün müştərilərdə oxşar idi; malı vaxtında çatdırmırsınız, vaxtı keçmiş mal gondərirsiniz, bizimlə maraqlanmırsınız, iradlarımıza məhəl qoymursuz vs.

Onlara vəziyyətin dəyişdiyini, bu problemlərin bundan sonra olmayacağını izah edib inandıra bilməyim üçün bir xeyli vaxt keçdi.

Belə incimiş müştərilərdən biri də, Məmməd Quliyev adlı sahibkar idi. Ad və soyadından Azərbaycanlı olduğu məlum idi.

Satışları incələyəndə gördüm ki, bir neçə aya qədər bu müştəri bizdən böyük həcmlərdə mal alıb və şirkətimizin ən böyük müştərisi olub. Amma son bir neçə ayda bizdən ümumiyyətlə mal almayıb. Bir neçə dəfə müştəri ilə əlaqə yaradıb görüşmək istədiyimi bildirdim. Amma o, müxtəlif bəhanələr gətirərək, mədəni səkildə bizimlə ümumiyyətlə görüşmək istəmədiyini bildirirdi. Mən səbəbi mütləq öyrənmək istəyirdim. Nəhayət ki, müstəri səbəbin, bizim ona vaxtı keçmiş mal satmağımız olduğunu bildirdi.

Güc bəla ilə görüş təyin edib onun şirkətinə getdim. Məni soyuq qarşilasa da, başının üstündə bayrağımızın asıldığını gördükdə məndə ona qarşı hörmət hissi oyandı.

Çünki, o illərdə Rusiyada, ofisində Azərbaycan bayrağını divardan asmaq cəsarət istəyirdi. Mənə görə bu, vətən sevgisinin bir təzahürü idi.

Nə isə, bir az söhbətdən sonra, bizim ona satdığımız vaxtı keçmiş mallara baxmaq istədiyimi bildirdim.

Satış ofisində, alıcıların (kiçik topdançıların) görə bildiyi yerə düzülmüş 7-8 qutu xarab olmuş Kervan yumuşaq marmeladlarını mənə göstərdi.

Malın istehsal tarixini incələdikdən sonra, həmin malları sabah geri götürüb əvəzinə istədiyi malı göndərə biləcəyimi dedim. Müştəri məndən bu hərəkəti gözləmirdi. Çünki, əvvəlki müdirə, heç olmasa zərərin yarısını ödə dedikdə, o xarab olmuş malı yerində incələmədən müştəriyə imtina etmiş və onu küsdürmüsdü.

Bir az təəccüblə, hamısını qaytarırsız?, sualını verdi. Mən də, bəli xarab malların hamısını sizə verilən qiymətdən hesablayıb geri götürürük. Əvəzində həmin məbləğdə yeni mal göndərəcəyik. Sabahısı dediyim kimi, malı geri götüzdürüb, hesablatdırdıqdan sonra, öz nəzarətimdə məhv etdirdim (bir daha satışa çıxmasın deyə).

Elə həmin gün əvəzində müştəriyə həmin məbləğdə təzə məhsullarımızı göndərdim.

Bu hadisədə utilizasiya etdiyimiz mal hardasa 600-700 dollar məbləğində idi. O zamanlar üçün, bu məbləğ çox da az sayılmazdı.

Рейтинг@Mail.ru