bannerbannerbanner
Su üzərində bahar

Rəfail Alı oğlu Tağızadə
Su üzərində bahar

© Rəfail Alı oğlu Tağızadə, 2020

ISBN 978-5-4498-3406-5

Создано в интеллектуальной издательской системе Ridero


Təzadlı gecə

 
Haldan-hala düşən adamlar təki
bu tənha gecəni yaşamaq çətin.
Ömür səhnə deyil, gecələr pərdə
çəkəsən sitəmin üstünə, dərdə.
 
 
Dəyişər əhvalın mehsiz, küləksiz,
dəlib keçər səni qızıl yel kimi.
Tutar ürəyindən, dəyişər halın,
ağarar bənizin qara tel kimi.
 
 
Səhərə hələ bir uzun gecə var.
Uzanar bu gecə zülmət dərətək,
daşıyar yuxulu – ölü adamı
səhər sahilinə yumşaq bərətək.
 
 
Kiminin nəfəsi çatar səhərə,
kimi qaranlıqda boğulub gedər.
Kimi yuxularda gələr dünyaya —
gecənin bətnindən doğulub gedər.
 
 
Haldan-hala düşən adamlar təki
bu tənha gecəni yaşamaq çətin.
Ömür səhnə deyil, gecə də pərdə
çəkəsən sitəmin üstünə, dərdə…
 
07.07.2013

Darıxıram

 
Könlümə toran düşüb,
içim dolu sualdı.
Baxdım sınıq güzgüyə,
Allah, bu hal nə haldı?
 
 
Üzümdəki sevinci
gözümün yaşı yuyur.
Sıraya dərd düzülsə,
öndə ayrılıq durur.
 
 
İçimdə olan yolun
izinə düşəmmirəm.
Dünyaya vurulmuşam
əlimi üzəmmirəm.
 
 
Məndən bezən tənhalıq
bu gecə boğar məni.
Könlünə insaf düşsə
təzədən doğar məni.
 
 
Hara gedim mən belə,
kimin qapısın döyüm?
Deyim ki, darıxıram,
aç qapını, mən ölüm?!
 
05.09.2014

Ağ bulud

 
Düşüb bu yolun ağına,
baş alıb, çıxıb gedəsən.
İzin də arxanca baxa,
yox olub birdən itəsən.
 
 
Gedəsən tamam uzağa,
əlinə bir əl dəyməyə.
Baxasan güldən savayı,
gözünə bir göz dəyməyə.
 
 
Nə qulaqda köhnə səda,
nə ürəkdə köhnə xəta,
nə də ki gözündə əda —
özündən itib gedəsən.
 
 
Ağ bulud ağlaya səni,
tək günəş dağlaya səni.
Gecənə ay boylana,
göy dəniz saxlaya səni.
 
 
Ləpələr silə izini,
yuyasan özün-özünü.
Düşüb dənizin bətninə
bir təzə insan doğasan.
 
27.12.2014

Bİr kəhər dayanıb Cıdır Düzündə

 
Bu atın yalını kim darayıb, kim?
Darağı əlində gəzən kim imiş?
Kimsəsiz yurdumun tənhalığında,
külək nəvazişi məni bitirmiş.
 
 
Mənim səhərimin üzü qaranlıq,
günümün, ayımın işığı itib.
Mənim kürəyimdə qamçı səsləri,
boynumda üzəngi kölgəsi bitib.
 
 
Sükutu qoynuna çəkən dərədə
həsrətin, kədərin izi üzündə.
Köhnə tumarında sığalım itən,
bir kəhər dayanıb Cıdır Düzündə.
 
 
Bu yerin gözəli Qarabağ atı,
gör neçə illərdi, kişnəmir, gülmür.
Bu sınıq qollarım, topal əllərim,
nə vaxtdı at yalı daraya bilmir.
 
19.01.2014

Kİmsəsiz evlər

İlahi, bu evdə kim qalacaq, kim?

Bu evin yükünü kim qaldıracaq?

Çəkib öz içinə dərd havasını,

bu sönmüş ocağı kim yandıracaq?


Üşüyən sobada dərdli kösövlər,

qırılan, yarımçıq ömür kimidi.

Qaralmış divarı bağrına basan,

kövrək xatirələr kömür kimidi.


Sahibin axtaran bir qara xəyal

qulaq kəsilibdi yel sorağına.

Dikib gözlərini qəriblər kimi

bağlı qapıların lal dodağına.


Yiyəsiz evlər də adam kimidi,

bir ev də beləcə yetim qalacaq.

İsti nəfəslərə möhtac evlərin,

həsrətdən içini torlar alacaq.


İlahi, bu evdə kim qalacaq, kim

Sükutda boğulan zaman içində.

Dərdi özü boyda nəm çəkən evlər,

intizar içində, güman içində.

03.02.2014

Qoru mənİ

 
Bu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
 
 
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
 
 
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o ay qarışıq.
 
 
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o ay yanında,
məni utandırma Onun yanında.
 
 
…qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni.
 
27.01.2015

Tamaşana gəlməyəcəyəm

 
Gəlməyəcəyəm tamaşana,
gəlməyəcəyəm daha…
Əllərim bir-birini
sürətlə öpməyəcək.
Səni axtaran baxışlar,
pərdəni döyməyəcək.
Ovcuma düşən ürək,
bir daha gülməyəcək.
 
 
Eşidilir ürəyinin çırpıntısı,
duyulur üzünün qızartısı.
Dəyişir sözlərin melodiyası.
Dərd süzülür içimə acı-acı.
Bir səs gəlir içəridən:
çıx, çıx… günahkar tamaşaçı.
 
 
Götürüb gedirəm
bütün mənli, mənsiz günahları.
İntizarda qoyma
yanımda oturan günahsız adamları.
 
 
Həyəcanlanma daha.
Gəlməyəcəyəm tamaşana.
Gəlməyəcəyəm.
Rahat bax!
Rahat bax, bütün salona.
 
13.05.2014

Çırpıntılar

 
Mən sənin qapını döyməyən poçtalyonam —
dünyanın ən böyük günah sahibi.
İztirab sahibi, o AH sahibi.
Nə zəng çalınır,
nə səsin eşidilir qapının kandarından.
Bir sükut boylanır ortalıqdan.
Mən sənin qapının önündən sakitcə ötən adamam,
sanki yadam.
Dünyanın ən böyük günah sahibi
sevgini öldürəndi.
 
 
Hər gün… ötüb,
sonra arxaya boylanıram,
əlimdən uçmaq istəyən məktubu
bərk-bərk tutub saxlayıram,
əlindən tutan təki.
 
 
Əlimdə məktub əsir,
məktubda sözüm əsir —
ayrılıq nəfəsimi kəsir.
Ömür də ki tələsir.
 
 
Döyülməyən qapı çırpınır,
ürək çırpınır,
məktub çırpınır,
məhvərindən çıxan
yerim, göyüm çırpınır.
Bir də döyünən, tövşüyən zaman.
Aman-aman!
Küləyə qoşulub pəncərədən gələcəyəm, dayan.
 
24.04.2014

Qəm havası

 
Bir ay doğar
yorulan buludlar arasından.
Bir ay doğar
işıqlanar gecələr.
Əllərimi, qollarımı görərəm,
sənə gedən yollarımı görərəm.
Qəribsəyən gecədə
yolların yanağından
tək ağlayan qəribin
göz yaşını silərəm.
Daş qolları qaldırıb oynayaram
içimdəki qəm havanın pəsinə,
diksinərəm lal sükutun səsinə.
Nə deyəsən,
gecənin bir küncündə
için-için oynayan
bu Allah bəndəsinə?
 
02.09.2017

Gecənİn sükutu

İşıqları o sönməyən tək evin

pəncərəsin bir göyərçin döyəcək,

dimdiyində gətirdiyi məktubun

hər sözündən sənin ətrin gələcək.


O ətirdən yuxu qalmaz gecədə.

O gecəni xatirələr alacaq.

O gecənin sükutunu pozacaq

adam gəlib düz önündə duracaq.


Gözlərinə dikiləcək iki göz.

Gözlərində o gözlərin öpüşü.

Lal divarlar yaddaşına köçürər,

pərdələrin izlədiyi görüşü.


Bu gecəyə lap ömrünü verərsən.

Yalvararsan qaranlığa ilk kərə.

Bir ismarış göndərərsən günəşə:

«Nə olar, sabah sən yuxula, yat» – deyə.

05.11.2016

Həsrət

Məni payız seçdi fəsil içində,

günümü xəzanlar hey tumarlayır.

Sənin əllərini göylər saxlayır,

mənim dizlərimi yer qamarlayır.


Sənsizlik hər gecə üşüdür məni,

donur öpüşlərin izi üzümdə.

Baxışım gözündə ağlayır sənin,

bir ağac göyərir köhnə izimdə.


Bir sazaq içimdən titrədir məni,

bahar istəyimi qəfil don vurur.

Havası sorulmuş bu boş qəfəsdə

həsrətin özünə təzə ev qurur.


Bu sənsiz dünyada nəyim var mənim?

Çəkilib gedirəm bu yer üzündən.

Nələr çəkdiyimi göydəki bilir.

«Ah!» yerin yeddinci qatından gəlir.

02.10.2016

Hüzn

 
Sаkit bir otаq istəyirəm…
Çаyı dа özüm süzəm
ürəyim istəyəndə.
Dəyib-dolаşmаyаlаr
heç olmаsа bu günlük.
Boşаldım ürəyimdə
yаtıb qаlаn,
pаs аtаn,
məndən bezən, bezdirən,
hərdən özün əzdirən
sözləri bircə-bircə
dostum аğ vərəqlərə.
Yüngülləşim o yükdən,
içimdəki həbsdən,
qаndаllаrdаn qurtаrım.
 

Tənhalığım

 
Bu payız havası üşüdür məni.
Günlər də soyuyub aramız kimi —
qolun qollarıma dəymir haçandı,
əlim əllərinin intizarında.
Yüz ildi, min ildi ayrı kimiyik.
Nəfəsin isitmir üzümü daha,
donub dodaqlarım, kəlmələr donub,
baxışın üşüyür yanaqlarımda.
Qapının zəngi də susur nə vaxtdı,
hər addım səsinə diksinirəm mən.
İçimdə bir zindan ağırlığı var,
gecənin sən – yoxluq tənhalığında.
 
12.10.2018

Su üzərində bahar

 
Könlünə yatmayanı
sahilə qovan dəniz.
Gülü qoynuna alan
dəniz, könlün nə təmiz.
 
 
Sevgilərin sadiqi,
sənə gül gətirmişəm.
Sən ismətli gəlinsən,
üzünə tül sərmisən.
 
 
Gülü görüb əllərin
dalğa-dalğa əsəcək.
Gəlib üzümə baxıb,
baxıb məni süzəcək.
 
 
Pıçılda qulağıma,
pıçılda duyulanı.
Gəl danışaq; boşaldım
içimə yığılanı.
 
08.07.2018

Yaşa belə

 
Hər şey,
hər şey
boğur səni.
İçindəki adam boğur,
çölündəki adam boğur,
havan boğur, hissin boğur.
Aralıqda o vurnuxan
düşüncələr nələr doğur?
Bir sakitlik olacaqmı
içindəki, çölündəki
bu savaşdan?
Sual yağır yağış kimi.
Ağacdakı yarpaqlar da
baxır sənə baxış kimi:
Səni yoran ağrılara
nə vaxtadək dözəcəksən?
Bilirəm ki,
əvvəl-axır bezəcəksən.
Səni boğan o dərdləri
bir «ah» ilə çıxart getsin.
Ötən ötsün, itən itsin.
Öz-özünü sən boğmasan
kimsə səni boğa bilməz,
səndən səni doğa bilməz.
Yaşamaqçün
doğ özündən təzə adam.
Səni boğan aralıqdan,
qovğalardan
birdəfəlik azad ol tam.
«Yeni həyat,
yeni adam —
bundan sonra
göy doğduğu
bir övladam».
Ya da de ki:
«bu dünyaya tamam yadam»,
ya da çığır için boyu:
«burax məni yolayrıcı,
burax gedim.
Mən də buyam».
Ya da yaşa belə.
Yaşa belə, dözənəcən,
öz-özünü üzənəcən…
 
30.05.2018

Qara xatİrə

Gecənin birində lap sübhə yaxın

 

qara xatirələr boğacaq məni.

Bu səsə, bu küyə dözməyən gecə

axırda özündən qovacaq məni.


Dərd də dərd gətirər, qazancıma bax.

İllər daş səbrimi alır əlimdən.

Bu gecə yuxuma girən xəyallar

gəlib bir iltizam alır dilimdən.


Sıxır ürəyimi qara xatirə,

ümidin yolları dardı, dar, Allah.

Bu qədər zamanı necə yaşadım?

Məndə bir ölünün səbri var, Allah.

16.10.2015

Götürüb gedİrəm sənİ özümlə

Götürüb gedirəm səni özümlə

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa

bir baxış toxuna, yerin bilinə.


Mən səni köksümə sıxıb apardım,

Bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb üzümdən

dodağım qonubdu dodaqlarına.


İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən ay,

salıb işığına aparır məni.

02.09.2014

Harada qalmısan

Külək dağıdardı meşənin telin,

yarpaqlar gizlincə öpüşərdilər.

Sən baxıb üzümə gülümsəyərdin,

bilərdim, bilərdim, nə istəyərdin.

Arabir görünən aydan utanıb,

qoluma girərdin, üzüaşağı

gedərdik hardasa bir gizlin yerdə

dünyanın qəmindən uzaqlaşardıq…

Külək tellərini daraqlayardı,

külək məni yaman qabaqlayardı.

Mən səni köksümə sıxardım ki, bəs,

külək tellərini daraqlamasın,

yanımda o səni qucaqlamasın.

İndisə küləkdən yan qaçıram ki,

ötən günlərimi varaqlamasın,

çatıb məndən səni soraqlamasın.


Meşə həmin meşə, çəmən o çəmən.

Yenə yavaş-yavaş əsəcək külək.

Atılan püşklərin o tərs üzütək,

indi zamanımı günahkar bilək?!


O ay da gizlənib, yağacaq yağış.

Ağac görən kimə çətirin salmış?

Hardan yağdırıldı üstünə qarğış?

Sən harda qalmısan, a tənha qalmış?!

O axşam qaranlıq ayırdı bizi.

Qaranlıq gecədə işığa düşmüş

gözlərtək görmədik bir-birimizi.

Sən ayrı, mən ayrı, bu tək dünyada.

Harada qalmısan, indi harada?

1982

Sükutlu gecə

 
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.
 
 
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.
 
 
Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.
 
01.07.2016

Şam tut gecəmə

 
Gecəmin halsız vaxtına
özünü tez yetir, mələk.
Qanadını sər üstümə
sən ruh kəpənəkləritək.
 
 
Aç evimin pəncərəsin
gecə baxışlar qaralır.
Gecənin qəmini çıxart,
gecə ömürlər daralır.
 
 
Səsi alınmış gecənin
içində sənsiz bitərəm.
Gözünü şam tut gecəmə,
gecədə azıb itərəm.
 
30.06.2017

Sükutun səsİ

 
Səni göymü apardı
sevmədiyin bu yerdən?
Daha işığın gəlmir
qaranlıq gecələrdən.
 
 
Gecələr tam qaranlıq,
gündüz sükut içində.
Uçub, gedib səsin də
durnaların köçündə.
 
 
Boğur yeri qaranlıq,
boğur sükutun səsi.
Boğur səni içində
ayrılığın nəfəsi.
 
25.08.2017

Göz yaşı

 
Səsində sözlər üşüyür,
baxışında baxışlar.
Axır, ovcuma axır
gözlərindən yağışlar.
 
 
Bu sükutun içində
döyür məni hıçqırıq,
Cüt dodaqlar qapalı,
hardan gəlir qışqırıq?
 
 
Əlimdə əl danışır,
gözlərində baxışlar.
Əyil bir ocvuma bax.
Barmağımız boğulur,
…damcı-damcı yağışlar.
 
31.07.2019

Narahat ruhlar

Böyük alim Rafiq Əliyevə


 
Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başına,
mənim ətrafımı baxıb, yoxlayır.
 
 
Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayır məni,
bağlayır özünə, bağlayır məni,
öldürüb, basdırıb, ağlayır məni…
Bu yolda, bu yerdə qəbirlər artır,
təsəlli söylənir, səbirlər artır…
Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox.
 
 
Döşəmə daşları qəbirdi, Allah.
Yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, Allah?
 
24.03.2013

Bu bİr tale havası

 
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
İçimizdə həm sevinc,
həm də bir ayrılıq var.
Əlimizə gələnlər,
əllərdə qalmır daha.
Satılan ucuz olur,
alınan min qat baha.
Dərd durub özü gəlir
üstümə aram-aram.
Deyir: «Səninlə varam,
mən səni unutmaram».
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
Qar yağır ağır, ağır.
Bu bir tale havası.
 
29.04.2015

Son səs

Alman faşistləri tərəfindən bombardman edilən bir binanın zirzəmisində həlak olan həyat yoldaşının

cəsədi önündə çarəsiz qalan yaşlı kişinin düşüncələri…

Polşa, 1944-cü il.


 
Bu ikilik – bir ömrün
tükənən nəfəsidi.
Müharibədə məhv olan
taleyin son səsidi.
Sən əbədi susursan,
əlim-qolum quruyur.
Ağlaya da bilmirəm,
məni səndən alarlar,
bayırda düşmən durur.
İçimdən hey səs gəlir:
«Bu yerdə səsini ud».
Qaranlıq zirzəmidə,
bu qorxular içində
ulayır qara sükut.
Hər şey uçdu, hər şey boş,
sən yoxsan, … evimiz yox,
sən yoxsan, həyatım bomboş.
Qucağım yuyat yerin,
yuyur səni göz yaşım,
ay ömürlük sirdaşım.
Son mənzilimiz üçün
məzarı qazdırıram…
Mən səni öz yerində —
qəlbimdə basdırıram.
 
15.06.2018

Son pərdə

İdeal insan yoxdu, onu heç vaxt özləmə,

heç də bu həyatdan yaxşı əsər gözləmə.

Hər kəs bir rol oynayır

özü bildiyi kimi.

Biz həyatda biri-birimizin

əksiklərini doldurmaqla məşğuluq.

Oxumadığım, rejissorunu görmədiyim əsərdə

sən məndən yaxşı aktyor olmağı gözləmə.

Komediya üçün nəzərdə tutulmuş tamaşanın

sonu faciə ilə bitir.

Səhnənin pərdəsi istənilən an bağlana bilir.

Son sözün ağzında,

son baxışın tavana zillənən gözümdə qalır.

Sonu faciəyə çevrilən bu həyat tamaşasında

sən məndən yaxşı aktyor olmağı gözləmə.

Mən faciə üçün yazılmış bir əsərdə

komik aktyor ola bilmərəm.

Pərdələr göz qapaqları kimi

tez-tez açılıb bağlanır.

Son pərdə gözləri qapamaq üçün sallanır.


Sən məndən yaxşı aktyor olmağı gözləmə.

Mən oxumadığım əsərdə

səhnəyə atılmış həvəskar aktyoram.

27.06.2018

Özgə şəhərdə

Özgə şəhərdə yaşamaq nə gözəl.

Özgə şəhərin gülləri də fərqli,

quşları da, ağacları da,

binaları da, adamları da…

Adam özünü və sevdiyini yaxşı tanıyır özgə şəhərdə.

Doğma şəhərin doğma küçələrindən,

sənə baxan pəncərələrdən, tanış adamlardan çəkinirsən,

sıxılırsan…

Özgə şəhərlərdə tək ay tanış, bulud tanış,

günəş tanış, yağış tanış, külək tanış, sən tanış…

Bir də bizi tək buraxmayan qaranlıq gecələr tanış.

Qarış bu şəhərin adamlarına, qaynayıb qarış.

Dodaqların bizi unutduğu, qulaqların sakit qaldığı

bu yerlər necə də gözəl.

Gizlində dediyimizi aşkarda deyəcəyik,

və bütün küçələri qol-boyun gəzəcəyik.

Hələ insanların gur olduğu yerlərdə şəkil də çəkdirəcəyik.

Sonra, uzandığımız çəmənlikdə, pilləkənlərdə

göyərçinlər yaxın gəlib qonacaq əllərimizə,

qumru quşları baxışlarıyla məktub göndərəcək məndən sənə.

Hər anımızı kadra alacağıq;

baxıb gülən gözlərimizi, heç unudulmayacaq o günlərimizi.

Əl-ələ tutub qaçacağıq meydan, küçə boyunca,

kefini çıxaracağıq bu günlərin doyunca.


Sevib sevildiyi qədərdi bir insan ömrü.

Boşaldığın, dolduğun, sənin sən olduğun,

gecəsi gündüzündən,

gündüzü gecəsindən uzun

özgə şəhərdə yaşamaq necə də gözəl.

Çox gözəl.

17.01.2018

Vətən bİtİr

 
Tarixini yazmayanın
taleyin özgələr yazar.
Bir millətin taleyində
bu qədər dərdmi olar?
Orda xeyli,
burda bir az,
sonra lap az,
yenə xeyli…
Torpaqları itirərək yol gəlirik.
Bu yoldumu?
Sonu varmı belə yolun???
 
 
İl dolanır,
əsr ötür,
alammırıq
itirilən,
pay verilən torpaqları.
Udammırıq
bizi udan zamanları,
bizdən qaçan
gümanları…
Ölən ölür,
itən itir.
Yel aparır,
sel aparır,
il aparır
izimizi.
Bir ovucluq vətən qalıb,
torpaq qalıb
babalardan miras bizə.
Bizdən nələr qalar sizə?
Bilən yoxdu.
Yeriyirik addım-addım,
keçmişlərə boylanırıq maddım-maddım.
Yollar itir,
inam itir,
zaman bitir.
Bizim olub əldən gedən
daha bir də bizim olmur.
İtkilərin yeri dolmur.
Görən nə vaxt oyanacaq
bu şahsevən,
yatan millət,
yuxusunda batan millət?
 
 
Olanları bilə-bilə,
görə-görə
biz hələ də
yanımızdan
ötüb keçən,
itib gedən
«Gün gələcək» zamanları gözləyirik.
Gələcəkmi bizim zaman?
Kimsə bilmir.
Heç kəs dinmir,
hamı susur
lal-kar kimi.
 
 
Zaman ötür,
güman itir,
VƏTƏN bitir.
 
14.06.2018

«Bu gün dənizin qurbanlıq gəmisiyəm…»

 
Bu gün dənizin qurbanlıq gəmisiyəm.
Gecənin ölüm qonağı.
Gündüzü oğurlanmış kimidi həyat.
Rahatlıq yox, tənhalıqda.
Cəmlər tək olur insanlar darıxanda.
Qaranlıqda yollar bitmir ki, bitmir.
Səhər açılmağa qorxur.
Bir meh yox, sənə əl uzada.
Hər şey «get-get» deyir,
uzağı göstərərək.
Nə var o yaxın uzaqlarda?
Kimsə bilməz.
Sükunət qoxuyur havası sovulmuş otaq.
Kədərin dadı varmış,
yoxluğun qoxusu.
Quraqlıqdan balıq iyi gəlir,
dənizdən yarpaq ətri.
 
08.09.2019

Boş şəhər

Bu şəhər, küçələr yenə də bomboş.

 

Yorğun ayağını sürüyür səki.

Süpürür şəhərdən xatirələri

saralıb tökülən yarpaqlar təki.


Bu şəhər, küçələr yenə də bomboş.

Daha inanmıram bu şəhər dola.

Bu doğma şəhərdə qəribəm, Allah,

məni də özü ilə aparan ola.


Bu şəhər, küçələr yenə də bomboş.

Qaçıb bu şəhərin əlvan bənizi,

dənizə uzanan küçələriylə,

bu şəhər boğmağa aparır bizi.

29.06.2016

Dənizdə toy

Sənin gəlişini görən ləpələr,

önünə yüyürər, arxanca qaçar.

Sonra ayağından, izindən öpər,

əyilsən üzündən, gözündən öpər.

Sonra qulağına nəsə pıçıldar,

yanağın allanar, gözün parıldar.

Səni öz yanında saxlasın deyə,

gəlib izlərini yuyub aparar.

Sən də bu sevincin sədalarında,

ləpə paltarında gəlin olarsan.

Bu gecə toyuna gələn balıqlar,

düzülər boy-boya şahidlər kimi.

Sonra bir gecəlik hey sevişərlər —

atılıb düşərlər, alqış deyərlər.

Külək də «Mendelson marşı”nı çalar.

Bu gecə dalğalar dəniz toyunda

ləpəylə ilk dəfə bir vals oynayar.

Ay da olanları göyə yollayar.


Bu gecə bir ülvi sevgi gecəsi,

dəniz qucağında bir eşq nəşəsi.

28.11.2016
1  2  3  4  5  6  7  8 
Рейтинг@Mail.ru